22 İyul 2020 12:57
2 737
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda güney azərbaycanlı milli-mədəni fəalların kütləvi həbsi davam edir.

Teleqraf.com-un məlumatına görə, daha iki milli fəal - Əlirza Fərşi və Behnam Şeyxi İranın təhlükəsizlik xidməti tərəfindən Tehran şəhərində saxlanılıb.

Məlumata əsasən, Əlirza Fərşi iyulun 21-də axşam saatlarında evinə qayıdarkən, Behnam Şeyxi isə Tehranın “İnqilab” meydanında saxlanılaraq naməlum istiqamətə aparılıblar.

Həmin gün milli-mədəni fəal Həmid Mənafi Nadarlı da öz iş yerində İranın təhlükəsizlik xidməti tərəfindən saxlanılıb. Nadarlının hansı ittihamla tutulduğu və harada saxlanıldığı bəlli deyil.

Milli fəalların saxlanılmasının 2014-cü ildə keçirilən Beynəlxalq Ana Dili Günü mərasimi ilə bağlı barələrində çıxarılan həbs və sürgün qərarı ilə əlaqədar olduğu ehtimal edilir.

Yanvarın 20-də Tehran Apelyasiya Məhkəməsi Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi Nadarlını Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün 2 il həbs və 2 il sürgün cəzasına məhkum etmişdi.

Fəallar və onların vəkili Seyid Məhəmməd Fəqihi irəli sürülən bütün ittihamları rədd edərək məhkəmə prosesinin qanunauyğun həyata keçirilmədiyini bildirmişdilər.

Adıçəkilən fəallar 2014-cü ildə İran İnqilab Məhkəməsi tərəfindən “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə təşkilat yaratmaq”da günahlandırılaraq, ümumilikdə 45 il həbs və 8 il sürgün cəzasına məhkum edilmişdilər. Belə ki, Əlirza Fərşi 15 il həbs və 2 il sürgün, Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi Nadarlı isə hər biri 10 il həbs və 2 il sürgün cəzası ilə üzləşmişdilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər