9 Avqust 2020 21:16
4 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyəyə Krım və Krım tatarlarına verdiyi dəstəyə görə təşəkkür edirik. Türkiyənin rəsmi şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi bizim üçün çox önəmlidir”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna xarici işlər nazirinin müavini Əminə Cabbar türk mətbuatına açıqlamasında deyib.

O, Rusiyadakı ukraynalı siyasi məhbusların buraxılması üçün vasitəçilik səylərinə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da təşəkkür edib.

Əminə Cabbar qeyd edib ki, Rusiya tarixdə bir neçə dəfə etdiyi kimi, bu dəfə də Krımı ilhaq edərək, Krım tatarlarının mirasını yox etməyə çalışır:

“Krım tatarlarının yenidən öz vətənlərinə qayıtması prosesi çox çətin olacaq, amma bu müddət ərzində Türkiyə bizim yanımızdadır. Bu gün də Xersonda Türkiyənin dəstəyi ilə Krımdan olan qaçqınlar üçün yeni yaşayış binaları tikiləcək”.

Rusiyanın Krımı işğal etdikdən sonra hibrid savaşına başladığını bildirən xanım diplomat qeyd edib: “Krımı işğal edən Rusiya hibrid savaşla öz cinayətlərinə hüquqi don geyindirmək istəyir. İşğal altındakı Krımda beynəlxalq konfransların keçirilməsi üçün milyardlarla dollar vəsait xərcləyir”.

Əminə Cabbar Qara dənizin təhlükəsizliyi üçün Ukrayna və Türkiyə arasındakı təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacib olduğunu diqqətə çatdırıb.

O, Azərbaycan, Türkiyə və digər türk dövlətlərinin təşəbbüsü ilə qurulan Türk Şurasına qatılmaq istəyini də dilə gətirib:

“Ukrayna türk mədəniyyətinin mirasçısıdır. Krım tatarları Ukrayna ilə türk dünyası arasında bir körpüdür. Ukrayna türk dünyasının damı rolunu oynayan – Azərbaycan, Qazaxıstan, Türkiyə, Qırğızıstan və Özbəkistanın üzvü olduğu Türk Şurasında müşahidəçi statusunda yer almaq üçün səy göstərir”.


Müəllif: Mənsur Rəğbətoğlu