"Erməni Milli Konqresi"nin üzvü Levon Zurabyan Ermənistanın Baş Naziri Nikol Paşinyanın BBC-də yayımlanan “Hard Talk” verilişinə verdiyi müsahibəsini tənqid edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Levon Zurabyan Feysbuk səhifəsində qeyd edib ki, o, Paşinyanın müsahibəsindən çox ağır təəssürat alıb. Onun fikrincə, Paşinyan iflasa uğrayıb: "Bunun bir neçə səbəbi var – yetərli səviyyədə olmayan ingilis dili, cavabların məzmunu, Baş nazirin indi bəraət qazandırmaq istədiyi əvvəlki addımları, Qarabağ məsələsinin mahiyyətini bilməməsi, münaqişənin həlli ilə bağlı şəxsi təsəvvürün olmaması.
"Erməni Milli Konqresi"nin üzvü vurğulayıb ki, nə Paşinyan, nə də bir neçə ay əvvəl verilişdə qonaq olan XİN başçısı Mnatsakanyan münaqişənin mahiyyətini düzgün ifadə edə biliblər: "Baş nazir Rusiya ilə NATO arasında seçim məsələsinə də düzgün cavab verə bilməyib. Əslində, heç bir seçim yoxdur. Rusiya ilə hərbi ittifaqın alternativi yoxdur, çünki NATO təhlükəsizlik kollektiv sistemi kimi Cənubi Qafqaz ölkələri üçün -hətta təşkilata daxil olmağa çalışan Gürcüstan üçün əlçatmazdır".
Zurabyan hesab edir ki, Ermənistanın imici baxımından, yaxşı olardı ki, nə Paşinyanın, nə də Mnatsakayanın müsahibələri baş tutaydı.
Xatırladaq ki, avqustun 14-də Paşinyan BBC-yə müsahibəsi zamanı çətin vəziyyətə düşüb.
Qeyd edək ki, Zurabyan Paşinyanla birgə 2008-ci ildə Ter-Petrosyanın seçki qərargahında təmsil olunublar. Daha sonra parlamentdə eyni fraksiyada olsalar da, sonra ayrılıblar.