Körfəz Əməkdaşlıq Şurası (CCASG) ötən həftə İsraillə münasibətləri normallaşdırdığını elan edən Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qarşı təhdidlər ünvanlayan İrana etiraz edib.
Teleqraf.com xəbər ki, şuranın baş katibi Naif Fəlah əl-Nəcraf İranı BMT-nin nizamnaməsinə əməl etməyə, başqa ölkənin daxili işlərinə qarışmaqdan çəkinməyə çağırıb.
İran Prezidenti Həsən Ruhani BƏƏ-nin “böyük səhv” etdiyini, onu təhlükəli bir gələcək gözlədiyini demişdi: “Böyük bir səhv etdilər, xain bir hərəkət etdilər. Ümid edirik ki, bunları başa düşəcəklər və yanlış yolu bağlayarlar”.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH” da öz növbəsində, ABŞ-ın vasitəçiliyi ilə İsrail və BƏƏ arasındakı anlaşmanın yəhudi dövlətinin “çöküşünü sürətləndirəcəyinə” əminliyini ifadə etmişdi.
BƏƏ Xarici İşlər Nazirliyi avqustun 16-da İranın bu ölkədəki səfirini ona etiraz notası təqdim etmək üçün çağırıb.
Əlavə edək ki, Körfəz Əməkdaşlıq Şurasına 6 ərəb ölkəsi daxildir - Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Küveyt, Oman və Birləşmiş Ərəb Əmirlikləri.