2 Sentyabr 2020 15:06
2 886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Buqulma şəhərində məşhur biznesmen Yevgeni Dedanin güllələnib.

Teleqraf.com xəbər verir ki, Tatarıstan Daxili İşlər Nazirliyi 43 yaşlı iş adamının şəxsi ofisinin yaxınlığında başından güllə yarası aldığını açıqlayıb.

Nazirlikdən əlavə ediblər ki, qətlin icraçısı olduğu iddia edilən şəxs – Samara vilayətində yaşayan əcnəbi həbs olunub. İstintaq Rusiya Federasiyası Cinayət Məcəlləsinin I hissəsinin 105-ci maddəsi (qətl) üzrə cinayət işi açıb.

“KazanFirst” və “Baza” portalları öz mənbələrinə istinadən saxlanılan şəxsin milliyyətcə erməni olan 54 yaşlı Araik Mirzonyan olmasına dair məlumat yayıb. “Arqumentı i faktı-Kazan” saytı Araik Mirzonyanın Ermənistan Respublikasının vətəndaşı olduğunu yazıb.

Qeyd edək ki, Y.Dedanin 2018-ci ilin sentyabrın 12-də evinə soxulan iki silahlı qulduru öldürməsi ilə tanınır. Belə ki, soyğunçular Dedaninin evinə daxil olaraq ondan və həyat yoldaşından fiziki zorakılıq yolu pul tələb etməyə başlayıblar. Sonra Dedanin xilas olmağa müvəffəq olur, bıçağı götürür və quldurlara bir neçə dəfə zərbələr endirir. Quldurlar aldıqları xəsarət nəticəsində vəfat edirlər.

Müstəntiqlər əvvəlcə biznesmeni zəruri müdafiə həddini aşmaqla adam öldürmə maddəsi ilə mühakimə etmək istəyiblər, ancaq Tatarıstan Prokurorluğu Dedaninə qarşı cinayət işinin başlanmasını qanunsuz sayıb və cinayət işinə xitam verilib. Yalnız soyğunçuları avtomobildə gözləyən şəxs mühakimə olunub. O, soyğunçuluğun təşkilatçısı kimi tanınıb.

Tatarıstanın Buqulma rayon məhkəməsi Dedaninin evinə hücum zamanı öldürülən Samara vilayəti sakinləri – 39 yaşlı İvan Netroqolov və 29 yaşlı Vladislav Koloyartsevi günahkar hesab edib. Sonradan onları avtomobildə gözləyən cinayətin üçüncü iştirakçısı – 47 yaşlı Buqulma sakini Andrey Klimanov tutulub. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə altı il müddətinə azadlıqdan məhrum edilib.

Y.Dedaninin qatili olduğu iddia edilən şəxs tez bir zamanda tutulub. “Baza” telegram-kanalı qatilin dostunun intiqamını aldığını yazıb. Bu barədə onun özü müstəntiqlərə məlumat verib.

“Araik Mirzonyan 2018-ci ildə Dedaninin evinə hücum zamanı onun tərəfindən ölümcül yaralanan və sonra vəfat edən soyğunçulardan İvan Netroqolovun yaxın dostudur. Mirzonyan ifadəsində bildirib ki, Netroqolovla Samara vilayətində eyni qəsəbədə yaşayıb. Buna görə də o, Buqulmadan olan iş adamından dostunun intiqamını almağa qərar verib”, – deyə nəşr bildirib.

Qeyd olunur ki, müstəntiqlər Netroqolovun həyat yoldaşını dindirməyi planlaşdırırlar. Onun Dedaninin qətlinin hazırlığından xəbərdar olması güman olunur.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər