Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərinin sakini olan qadın beşinci sinif şagirdlərinə zoom vasitəsilə keçirilən riyaziyyat dərsində pornoqrafiya qoşulması barədə şikayət edib.
Teleqraf.com xəbər verir ki, valideynin sözlərinə görə, dərsin ortasında internetə porno qoşulub, sonra isə videoda çılpaq kişilər görünüb:
“Dərsin ikinci günü onlayn zamanı zoom proqramında özbaşınalıq baş verdi. Niyə üç aylıq tətildə uşaqlarla işləmək üçün normal təchizat hazırlaya bilməmisiniz? Mənim uşağım şokdadır, qalan sinif yoldaşları da həmçinin... Özüm də tit-tir əsirəm. Bu nə zoom proqramıdır belə? Niyə hələ də normal tədris yoxdur?”, – deyə həmin şəxs sosial şəbəkədə yazıb.
Nur-Sultan təhsil şöbəsi hadisənin 3 sentyabr tarixində baş verdiyini təsdiqləyib:
“Zoom platformasında 5-ci sinif şagirdlərinin dərsi zamanı kənar şəxslər müdaxilə edərək kompüter ekranlarında ədəbsiz slaydlar göstərərək riyaziyyat dərsini pozublar. Məktəb rəhbərliyi məlumat aldıqdan sonra uşaq və valideynlərlə onlayn görüş keçirib, şagirdlərə çatlarda onlayn platformalarda işləyərkən etik qaydalar öyrədib”.
Məsələ ilə bağlı Nur-Sultan Polis İdarəsinə məktub göndərilib.