“ABŞ-ın artıq keçmiş prezidenti Donald Tramp Ağ Evdəki son günündə Çin hakimiyyətinə sonuncu zərbəsini vurdu. Keçmiş dövlət katibi Mayk Pompeo Çinin Sincan Uyğur Muxtar Bölgəsində soyqırım və insanlığa qarşı cinayətlər törətdiyi qənaətinə gəldiklərini açıqladı. Böyük ehtimalla bu, Ağ Evin keçmiş administrasiyasının son toplantıısnda verilən qərardır”.
Bunu Teleqraf.com-a politoloq Elxan Şahinoğlu deyib.
Ekspert qeyd edib ki, Pompeo yazılı açıqlamasında son 4 ildə Çinin uyğur xalqına qarşı davranışını xüsusi diqqətlə araşdırdıqlarını bildirib:
“Sitat: “Mövcud faktların diqqətlə araşdırılması nəticəsində 2017-ci ilin martından Çin Kommunist Partiyasının hakimiyyəti altındakı Çin hökumətinin xüsusilə müsəlman uyğur xalqı və Sincandakı digər etnik, dini azlıqlara qarşı soyqırım və insanlığa qarşı cinayətlər törətdiyi qənaətinə gəldik”.
Analitiklər Ağ Evin köhnə administrasiyasının son addımının Çinlə ABŞ arasında onsuz da gərgin olan əlaqələrini daha da gərginləşdirəcəyini ehtimal edirlər. Çin hakimiyyətinin uyğurlara və digər milli azlıqlara qarşı həyata keçirdiyi siyasət 2017-ci ildən başlayaraq, daha da sərtləşib. Vaşinqton hesab edir ki, Çində cinayətlər davam edir və bir milyondan çox mülki şəxsin özbaşına həbs edilməsi və ya digər ciddi fiziki azadlıqdan məhrumetmə, məcburi sterilizasiya, özbaşına həbs olunanların çoxunun işgəncə verilməsi, məcburi əmək və din azadlığına sərt şəkildə məhdudiyyətlərin qoyulması daxildir.
Beləliklə, Donald Tramp yeni Prezident Co Baydenə Çinlə bağlı mürəkkəb miras qoyub getdi. Əslində Bayden də Çinlə sərt münasibətlərin tərəfdarıdır. Üzvü olduğu Demokratlar Partiyasi Konqresdə hər zaman Çinə qarşı sərt sanskiyalar qəbul edib və bu məsələdə rəqibi Donald Trampla həmfikir olub”.
Elxan Şahinoğlu qeyd edib ki, ABŞ-ın “soyuq müharibə” illərində əsas rəqibi SSRİ olub:
“Sovetlər Birliyi 1991-ci ildə dağıldıqdan sonra Çin Amerika üçün SSRİ-ni əvəz etdi. Halbuki soyuq müharibə illərində Amerika ilə Çin arasında sıx əlaqələr var idi. Ancaq SSRİ yox olduqdan sonra Çin güclənməyə başladı. Çinin iqtisadi gücü artdıqca, bu dövlətin hərbi hədəfləri də artdı, üstəgəl insan haqları pozuntuları xəbərləri çoxaldı. Çin qonşu ölkələrin bir qismi, o cümlədən Hindistanla açıq qarşıdurmaya getdi, son bir ildə iki ölkə arasındakı sərhəddə toqquşmalar da bundan xəbər verir.
Ona görə də Vaşinqton Çini Rusiyadan daha təhlükəli hesab edir və Donald Tramp kimi Co Bayden də Çinlə münasibətlərdə sanksiyaların davamına üstünlük verəcək. Ancaq məsələ burasındadır ki, Çin sanksiyalardan çəkinmir və uyğurlara qarşı ədalətsizliyini davam etdirir”.