Fransa və Almaniyanın adekvat addım atmaq barədə qərarından sonra Avropa Birliyinin bu ay Rusiya Prezidenti Vladimir Putinə yaxın adamların bank hesablarının dondurması və onlara səfər qadağasının qoyması ehtimalı var.
Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” diplomatik mənbələrə istinadən məlumat yayıb.
Sanksiyaların, eyni zamanda müxalifətçi Aleksey Navalnının həbsinə cavab olaraq tətbiq ediləcəyi bildirilib: “Bu, ötən ilin dekabrından bəri Rusiyaya tətbiq edilən ilk sanksiyalar olacaq. Beləliklə, Avropa Birliyi dünyada insan haqlarının pozulması hallarına qarşı hərəkətə keçəcək”.
Rusiya və Avropa Birliyi arasındakı münasibətlər ötən həftə Almaniya, Polşa və İsveçdən olan diplomatların Moskvadan qovulmasından sonra gərginləşib. Rusiya rəhbərliyinin bu addımı Avropa ölkələrini qəzəbləndirib. Rəsmi Paris və Berlinin Moskvanın bu addımına cavab verəcəyi gözlənilir.
Polşa, Baltikyanı ölkələr, Çexiya və Rumıniya artıq sanksiyalara əl atıblar. Üzv dövlətlərin yekdil qərarı AB xarici işlər nazirlərinin fevralın 22-də keçiriləcək iclasında verilə bilər.