“Türkiyəyə qarşı çirkin oyun hazırlanır, amma bunun baş tutmasına imkan verməyəcəyik”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.
Altun terror təşkilatlarının, cinayətkar şəbəkələrin Türkiyədə özlərinə sığınacaq tapmasına və dövlətin nüfuzuna zərbə vurmasına imkan verməyəcəklərini bildirib: “Türkiyə ciddi bir dövlətdir. Kimdə dövlətimizin ciddiyyətinə xələl gətirməyə cəhd göstərsə, bunun əvəzini ödəyəcək”.
“Yeni bir oyun səhnələşdirilir. Bu, çirkin bir oyundur, bir o qədər də ucuzdur, xaincəsinə qurulan bir tələdir. Bu tələnin hazırlanmasında iştirak edən bütün daxili və xarici ünsürlərin ədalət məhkəməsi qarşısında hesab verməsi üçün çalışacağıq. Türkiyə artıq o keçmiş Türkiyə deyil”, - Altun vurğulayıb.