Küveyt şahzadəsi və vəliəhd Şeyx Məşəl əl-Cabir əl-Sabah rəsmi səfərlə ölkəsinə gələn Türkiyə parlamentinin sədri Mustafa Şəntopu qəbul edib.
Teleqraf.com xəbər verir ki, görüş Küveytdəki Bəyan Sarayında baş tutub.
Ölkəsi ilə Türkiyə arasındakı tarixi münasibətlərdən danışan əl-Sabah Prezident Rəcəb Tayyib Ərdoğan haqda verdiyi açıqlama ilə də diqqət çəkib.
Küveytə verdiyi dəstəyə görə Ərdoğana təşəkkür edən şahzadə deyib:
“Ərdoğan mövqeyi, sözü və atdığı addımlarla cəsur bir insandır. Ona qarşı sevgi və sayğımız var”.
Əl-Sabah Türkiyə heyətinin ölkəsinə səfərindən xoşbəxt olduğunu söyləyib.
1990-cı illərdə İraq-Küveyt müharibəsi əsnasında Türkiyənin sərgilədiyi mövqeni xatırladan əl-Sabah bildirib:
“Mədəniyyəti və xalqı baxımından qədim olan bu ölkənin sədaqətli mövqeyə malik olması təəccüblü deyil. Təşəkkürlərimizi yeniləyirik. Küveyt qardaşları və dostlarının dəstəyini heç vaxt unutmur”.