Rusiyanın “Su-27” qırıcısı Almaniya Hava Qüvvələrinin “Tayfun” döyüş təyyarəsinin qarşısını almaq üçün havaya qaldırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda Baltik dənizi üzərindən Rusiya sərhədlərinə yaxınlaşan hava hədəfinin qeydə alındığı bildirilib.
“Hədəfi müəyyənləşdirmək və Rusiyanın dövlət sərhədinin pozulmasının qarşısını almaq üçün Baltik Donanmasının hava hücumundan müdafiə qüvvələrinin “Su-27” qırıcısı havaya qaldırılıb”, - açıqlamada qeyd olunub.
“Su-27” alman qırıcısının uçuşunu izləyib. Hərbi təyyarə Rusiya sərhədlərindən uzaqlaşdıqdan sonra geri qayıdıb.
Məlumatda bildirilib ki, son vaxtlar Rusiya sərhədləri yaxınlığında xarici kəşfiyyat və pilotsuz təyyarələrin fəaliyyəti nəzərəçarpacaq dərəcədə artıb. Rusiya Müdafiə Nazirliyi Qərb tərəfdaşlarını dəfələrlə bu cür davranışlardan imtina etməyə çağırıb, lakin heç bir reaksiya yoxdur.