“Azərbaycanın ərazi bütövlüyünün dəyişməz olaraq təsdiqlənməsi Rusiyanın strateji maraqlarına cavab verir”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
“Azərbaycanla mehriban qonşuluq və dostluq münasibətlərinin qurulması, ərazi bütövlüyünün dəyişməz olaraq təsdiqlənməsi Rusiyanın strateji maraqlarına cavab verir. Rusiya Cənubi Qafqazdakı vəziyyətə üzünü “erməni eynəyi” ilə yox, yalnız Rusiyanın milli maraqları prizmasından baxmalıdır. Qarabağ Azərbaycandır”, - ekspert bildirib.
Korotçenko 44 günlük müharibədən sonra Qarabağ ətrafındakı son duruma da diqqət çəkib:
“İrəvan üçün əsas olan Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin təhlükəsizliyidir. Bakı bütün lazımi zəmanətləri verməyə hazırdır. Bu, qanunsuz erməni silahlı birləşmələrinin oradan çıxarılmasından sonra bütün maraqlı tərəflərin real müzakirə mövzusu ola bilər”.
Rusiyalı ekspert Baş nazir Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlı KTMT-yə müraciətinə də toxunub:
“Hesab edirəm ki, Paşinyan KTMT öhdəliklərinə sadiqdirsə, Əfqanıstandan ekstremistlərin hücumu zamanı Tacikistanı müdafiə etmək üçün Ermənistan silahlı qüvvələrinin ordu korpuslarından birini ora göndərməyə hazır olduğunu açıq şəkildə bəyan etməlidir. Yaxud Azərbaycanın Qarabağ bölgəsində qalan qanunsuz silahlı erməni birləşmələrini Tacikistan-Əfqanıstan sərhədində yaraqlılara qarşı vuruşmağa göndərsinlər”.
İqor Korotçenko xatırladıb ki, Azərbaycana qarşı ərazi iddiaları SSRİ-nin dağılması ərəfəsində ermənilər tərəfindən bədnam “Qarabağ” komitəsinin yaradılması ilə başlayıb.
Ekspert hesab edir ki, Mixail Qorbaçov əvəzinə Sovet İttifaqına Azərbaycanın mərhum prezidenti Heydər Əliyev başçılıq etsəydi, indi Çin kimi dünyanın birinci iqtisadiyyatına sahib olacaqdı: “Bununla SSRİ-ni qoruyub saxlaya bilərdilər”.