“Bu günlərdə Ermənistanın hökumət aparatında və xüsusən Xarici İşlər Nazirliyində sülh müqaviləsinin hazırlanması üzərində fəal iş aparılır”.
Teleqraf.com xəbər verir ki, bu barədə İrəvanda nəşr edilən “Past” qəzetinin Xarici İşlər Nazirliyindəki mənbələrinə əsaslanaraq hazırladığı məqalədə bildirilib.
Məqalədə qeyd edilir ki, erməni diplomatik çevrələrindən əldə etdikləri məlumata görə, Baş nazir Nikol Paşinyanın tapşırığı ilə nazirliyin mütəxəssisləri və bir qrup beynəlxalq hüquq mütəxəssisi hökumət aparatı ilə birlikdə son iş aparır. Bu iş əsasən sülh müqaviləsi sənədilə bağlı presedentlər, həmçinin imzalanmadan əvvəl mümkün danışıqlar prosesinə hazırlaşmaqla əlaqəlidir.
Məlumata görə, bu qrupa danışıqlar zamanı Ermənistan tərəfindən konkret hansı təklif və tələblərin irəli sürüləcəyi, tərəflər arasında hansı kompromislərin və güzəştlərin həyata keçiriləcəyi ilə bağlı inteqral paketin hazırlanması tapşırılıb.
Diplomatik mənbə erməni mediasına deyib ki, bu proses Kremlin iştirakı ilə həyata keçirilir və sənədlə bağlı əvvəlcədən razılaşdırılaraq ilk müzakirələr oktyabr ayında başlaya bilər.