Erməni və yunan lobbisinə yaxınlığı ilə tanınan amerikalı senator və Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez Türkiyənin pilotsuz uçuş aparatı proqramını yaxından izləməyi və Azərbaycana edilən yardımları dayandırmağı təklif edən iki əlavə qanun layihəsi təqdim edib.
Teleqraf.com xəbər verir ki, ermənipərəst Menendez təklif etdiyi qanun layihələri ilə birbaşa Türkiyə və Azərbaycanı hədəfə alıb.
O, 1992-ci il tarixli “Azadlığa Dəstək Qanunu”nun 907-ci maddəsinə uyğun olaraq Azərbaycana yardımın dayandırılması ilə bağlı güzəştin ləğvini tələb edib.
Ermənilərə yaxınlığını gizlətməyən konqresmen bildirib ki, ABŞ-ın indiki administrasiyası və bütün gələcək hökumətlə belə yardımları dayandırmalıdır.
Menendez deyib ki, Türkiyənin hərbi ixracatının Silah İxracına Nəzarət Qanunu və ya ABŞ-ın hər hansı digər qanunlarını pozub-pozmadığı araşdırılmalıdır.
“Türkiyə pilotsuz təyyarələri keçən il Ermənistan və Azərbaycan arasında gedən müharibədə həlledici rol oynayıb. O vaxtdan bəri Polşa, Mərakeş və Ukrayna “Bayraktar TB2” alıb və onların arasında Anqola, Efiopiya, Niger, Nigeriya və Ruanda da var, digər ölkələr də maraq göstərir”, - Menendez vurğulayıb.
Qeyd edək ki, 1992-ci ildə qəbul edilmiş “907-ci düzəliş”ə əsasən ABŞ Azərbaycana dövlət səviyyəsində yardımı dayandırıb. Amma ABŞ Dövlət Departamenti və prezidenti hər il bu düzəlişin yerinə yetirilməsini bir illik təxirə salır. İndi Menendez ABŞ hökumətindən bu təxirəsalmaları dayandırmağı tələb edir.