İraqı işğal edərək İranın bölgədə güclənməsinə nail olan ABŞ eyni siyasəti Suriyada da yürüdür. Əsas hədəfi PKK/PYD terror təşkilatını qorumaq olan ABŞ İranın Suriyada möhkəmlənməsinə səbəb oldu.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti yazıb.
Nəşr bildirib ki, Əsədin baş müftilik qurumunu ləğv etməsi İranın bu ölkədə nüfuzunun artması üçün son addım idi:
“2003-cü ildə ABŞ və müttəfiqlərinin İraqı işğal etməsindən sonra Səddam Hüseynin “dəmir yumruq” rejiminin dağılması İranın ölkədəki varlığını daha da qabarıq göstərdi. Şiə inancı ilə milyonlarla insanı öz siyasi məqsədlərinə yönəltməyə müvəffəq olan İran İraqdakı türbə və ziyarətgahlardan eyni məqsədlər üçün istifadə strategiyasını dərinləşdirdi. Yəni İran Səddam Hüseynin buraxdığı boşluğu doldurmağa başladı.
Ziddiyyətlərlə dolu Amerika siyasəti indi Suriyada da eyni xətti izləyir. PKK/PYD terror təşkilatını israrla qoruyan ABŞ həm Suriyadakı humanitar böhrana göz yumur, həm də İranın bu ölkənin kapilyarlarına sızma səylərini kənardan seyr etməyə üstünlük verir”.
Qəzet qeyd edib ki, “Ərəb baharı” prosesinin bölgədə yaratdığı xaosda “terrorizmə qarşı müharibə” adı altında öz siyasi məqsədlərini reallaşdırmağa çalışan İran sünniləri bölgədən çıxarmaqla məşğuldur:
“İran zorla bölgədən çıxarılan sünnilərin yerində şiələri yerləşdirir. Bundan əlavə, tarixi mənbələrdə yeri olmayan bir çox yeni “ziyarətgahlar” tikərək şiə kimliyinin kökünü dərinə atmağa çalışır. Sünni fondunun bir çox şəhərlərdə, xüsusilə Hələbdə dəyişdirməsi bu strategiyanın davamıdır.
Ötən həftə Bəşər Əsədin verdiyi fərmanla Suriyada baş müftiliyin ləğvi yenə də İranın Suriyada artan nüfuzunun əlamətlərindən biri kimi şərh edilir. Beləliklə, Suriyada sünnilərin təmsil olunduğu qurum qalmadı, üstəgəl, baş müftilik üçdə biri şiələrdən olan bir quruma birləşdirildi.
Dəməşqin cənubunda, imam Hüseynin bacısı Zeynəbin dəfn olunduğu yer olduğu güman edilən kompleks 2011-ci ildən sonra İran tərəfindən təbliğat vasitəsinə çevrilib. Dünyanın müxtəlif ölkələrindən Suriyaya köçən şiə yaraqlıları “Zeynəbin hərəmini qorumaq” şüarı ilə hərəkətə keçib. Sakinləri 150 minə yaxınlaşan Seyid Zeynəb rayonu Dəməşqdə “Kiçik Tehran” adlandırılır”.