Sudan Həkimlər Komitəsinin verdiyi açıqlamaya görə, oktyabr ayından bu yana Qərbi Darfur, Mərkəzi Darfur və Cənubi Darfur əyalətlərində baş verən qarşıdurmalar nəticəsində həyatını itirənlərin sayı 199-a yüksəlib.
Teleqraf.com xəbər verir ki, komitə ölənlərin sayının bölgədəki xəstəxanalara gətirilənlər əsasında hesablandığını və qarşıdurmadan zərərçəkən bəzi vətəndaşların təhlükəsizlik səbəbindən xəstəxanalara çatdırıla bilməməsinə görə ölənlərin sayının daha çox ola biləcəyini açıqlayıb.
BMT isə oktyabr ayından bəri Darfur bölgəsindəki zorakılıqlar səbəbindən 83 mindən çox insanın didərgin düşdüyünü bildirib.
Sudan hakimiyyəti dekabrın 11-də Darfurda təhlükəsizlik problemini həll etmək üçün 3000 nəfərlik hərbi qüvvə yaratmağı planlaşdırdıqlarını açıqlayıb.
Ölkənin qərbində 5 əyalətdən ibarət olan Darfur bölgəsində tayfalararası qarşıdurmalar səbəbindən hər il yüzlərlə insan həyatını itirir, minlərlə insan didərgin düşür.
Fərdi silahlanmanın adiləşdiyi bölgədə tayfalar arasında torpaq, otlaq və su ehtiyatları üstündə yaranan mübahisələr səbəbindən zaman-zaman qarşıdurmalar baş verir.