20 Dekabr 2021 10:45
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kürdüstan Demokratik Partiyasına (PDK-İ) üzv olmaq və rejimə müxalif olmaq” ittihamları ilə edam cəzasına məhkum edilən 47 yaşlı Heydər Qurbani dünən gizli şəkildə İranda edam edilib.

Teleqraf.com xəbər verir ki, Henqav İnsan Haqları Təşkilatı Qurbaninin Sine mərkəzi həbsxanasında dara çəkildiyini bildirib.

47 yaşlı Qurbani İran “Bəsic” qüvvələri ilə əlaqəsi olan üç nəfərin öldürülməsində iştirakda ittiham olunub.

O, 2016-cı ilin oktyabrında həbs edilib, üç ay işgəncələrə məruz qalıb, təkadamlıq kamerada saxlanılıb. Qurbani 2020-ci ilin yanvarında Kürdüstan əyalətində keçirilən məhkəmədə “dövlətə qarşı silahlı qiyam” ittihamı ilə günahkar bilinib və ittihamları heç vaxt qəbul etməməsinə baxmayaraq, ölüm cəzasına məhkum edilib.

Siyasi məhbusun vəkili Məhəmməd Saleh Nikbat müvəkkili üçün iki dəfə İran Ali Məhkəməsinə dosyenin yenidən araşdırılması tələb ilə müraciət etdiyini, amma hər dəfə tələblərin rədd olunduğunu söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu