S-400-dən “Demokratiya konfransı”na qədər müxtəlif mövzularda gərginlik yaşayan ABŞ və Türkiyə bu dəfə saxta pasport məsələsi ilə bağlı üz-üzə gəlib.
Teleqraf.com xəbər verir ki, son gərginliyə səbəb isə dünən İstanbul polis idarəsinin yaydığı açıqlama olub.
Açıqlamada saxta passport satdığı iddiası ilə bir diplomatın həbs edildiyi bildirilib.
İstanbul polisi qeyd edib ki, bir amerikalı diplomat həbs edilib. Hadisə ötən ay yaşanıb. Məlum olub ki, Almaniyaya getmək istəyən suriyalı bir şəxsə saxta pasport verilib. Pasportu verən şəxsin ABŞ-ın Beyrutdakı səfirliyində işlədiyi ortaya çıxıb.
Hadisəyə dair ABŞ Dövlət Departamentində açıqlama yayıb. Bəyan edilib ki, Türkiyədə bir ABŞ vətəndaşının həbs edildiyinin fərqindəyik və bu şəxs diplomat deyil.
İstanbul polisi isə həmin şəxsin suriyalıya diplomatik pasport verdiyinə dair görüntülərə malik olduğunu bildirir, əlavə edir ki, saxlanılan şəxsin əlindəki zərfdə 10 min ABŞ dolları olub.