İsrail Silahlı Qüvvələri Rusiyanın Xmeymim aviabazasının yerləşdiyi Latakiyaya hava zərbələri endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.
Raketlərin Suriya ərazisinə gecə saatlarında atıldığı bildirilib.
Məlumata görə, İsrail Latakiya şəhərinin qərbinə Aralıq dənizindən hava zərbələri endirib. İsrail ordusunun hədəfinin Latakiyadakı ticarət limanındakı konteyner meydançası olub. Raket zərbələri nəticəsində yanğın baş verib. Hücumun böyük maddi ziyana səbəb olduğu deyilsə də, bunun həcmi açıqlanmayıb.
Hava hücumunu dəf etmək üçün Suriya ordusunun hava hücumundan müdafiə sistemləri işə salınıb.
Rusiyanın Latakiya yaxınlığında yerləşən Xmeymim bazası 2015-ci ildən fəaliyyət göstərir. Baza Suriya-Türkiyə sərhədindən təxminən 30 kilometr aralıda yerləşir.