1 Yanvar 2022 21:23
1 805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropada islamofobiya ilə bağlı hesabatda qeyri-insani irqçi ideologiyaların köhnə qitədə zorakılıqlara yol açdığına və son illərdə müsəlmanların dini kimliklərinə görə fiziki hücumlara məruz qaldığına diqqət çəkilib.

Teleqraf.com xəbər verir ki, “Avropa İslamofobiya hesabatı 2020” Avstriyadakı Leopold Veys İnstitutu tərəfindən yayımlanıb.

Müxtəlif ölkələrdən 37 alim, ekspert və vətəndaş cəmiyyəti fəalının iştirak etdiyi və 31 ölkədən bəhs olunan hesabatda 2020-ci ildə Avropada anti-islamizmin gedişatı faktlarla izah edilib. Bir çox beynəlxalq qurum tərəfindən dəstəklənən hesabatda müsəlmanların siyasətdən mediaya qədər ictimai həyatın müxtəlif sahələrində qarşılaşdıqları irqçi hücumlar və davranışlar yer alıb.

Almaniyanın Hanau şəhərində radikal sağçı terrorçu tərəfindən 9 miqrantın qətlə yetirilməsi keçən ilin ən mühüm irqçi hücumu olaraq qeyd edilib. Məlum olub ki, terrorçu öldürülən miqrantları uzun zaman təqdib edib.

Danimarkada bir müsəlmanı izləyən iki nəfər qurbandan “Müsəlmansan? Niyə buradasan?” sualını verib. Zərərçəkmişin arxasınca evinə qədər gələn şəxslər müsəlmanın ağır yaralanmasına səbəb olublar.

Estoniyada maskalı şəxs paytaxt Tallinndəki Türkiyə və Azərbaycan səfirlikləri ilə yanaşı, İslam mərkəzinin önünə donuz başı qoyub.

İslama zidd qanunların gündəlik həyatın bir parçası olmağa başladığı Fransada Eyfel qülləsi yaxınlığında 19 və 40 yaşlı iki başörtülü qadın bıçaqlı hücuma məruz qalıb. Müsəlman qadınları ağır şəkildə təhqir edən radikallar 40 yaşlı şəxsi ağciyərindən bıçaqla yaralayıblar.

Finlandiyanın Teuva şəhərində gənc müsəlman yerli sakinlər tərəfindən fiziki hücuma məruz qalıb. Hücum zamanı yaralanan gənc xəstəxanaya aparılıb. Hadisəni törədənlərə qarşı heç bir tədbir görülməyib.

Kosovonun paytaxtı Priştinadan təxminən 40 kilometr qərbdə yerləşən Verbok kəndində məscid yandırılıb.

Şimali Makedoniyanın Bitola şəhərində yeni tikilən iki məscidin divarına “Ayasofya kilsə olub və elə də qalacaq” ifadəsi yazılıb.

Serbiyanın Obrenovak şəhərindəki miqrant sığınacağına hücum edilib.

İspaniyanın Malaqa şəhərində iki müsəlman qadın öz həmcinsləri tərəfindən uşaqlarının gözü qarşısında hicabları çıxarılaraq hədələnib və fiziki təzyiqə məruz qalıb.

Monteneqroda 3 Bosniya vətəndaşı hücuma məruz qalıb və döyülüb. Hücum edənlər “Türkiyəyə getməyin vaxtıdır, burada istənilmirsiniz” kimi irqçi ifadələr işlədib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər