17 Yanvar 2022 11:37
1 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qazaxıstandakı etirazların koordinasiya qərargahı Kiyevdədir”.

Teleqraf.com xəbər verir ki, bunu Qazaxıstanın “Bank Turan Alem”in keçmiş rəhbəri Muxtar Ablyazov “Novosti”yə müsahibəsində deyib.

Ablyazov bildirib ki, Qazaxıstanda ilk etiraz aksiyalarından dərhal sonra qərargah hərəkətə keçib. Onun sözlərinə görə, etirazçılar qərargaha zəng edib və onlara dörd ildən artıqdır ki, mövcud olan işlənib hazırlanmış plana ciddi əməl etmək tövsiyə olunub.

Bankir qeyd edib ki, onlara dinc şəkildə etiraz etmək, talanlarla yol verməmək, koordinasiyalı hərəkət etmək və hakimiyyətin təxribatlara getməsinə imkan verməmək tövsiyə edilib. Bununla yanaşı, inzibati binaların ələ keçirilməsi tapşırığı verilib.

Qazaxıstandan xarici ölkələrdən birinə qaçan Ablyazov bundan əvvəl özünü “ölkədəki müxalifətin və etirazların lideri” kimi təqdim etmişdi. O, etirazın əsas hədəfə çatması şərti ilə Qazaxıstana qayıtmağa və müvəqqəti hökumətə rəhbərlik etməyə hazır olduğunu demişdi. Etirazları idarə etmək üçün Qərbdən vəsait almadığını da vurğulamışdı.

İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində isə Ablyazov bildirmişdi ki, o, Qərbdən Qazaxıstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməyi xahiş edib: “Mən ABŞ prezidentinə və bütün Avropa ölkələrinin liderlərinə rejimə qarşı sanksiyaların tətbiq edilməsini xahiş etmək üçün məktublar yazdım”.

Bankirin sözlərinə görə, Qazaxıstandakı iğtişaşlarla heç bir xarici qüvvələrin əlaqəsi yoxdur və baş verənlər xalq inqilabıdır.


Müəllif: Mənsur Rəğbətoğlu