İranın İstanbulda israilli iş adamı Yair Gellerə sui-qəsd planlaşdırdığı xəbərindən sonra İsrail mediasından daha bir iddia gündəmə gəlib.
Teleqraf.com xəbər verir ki, “Kanal 12” telekanalı İsrail kəşfiyyatının (MOSSAD) son iki ildə Türkiyədə yaşayan israillilərə qarşı 12 hücumun qarşısını aldığını iddia edib.
Məlumatda Türkiyə və İsrail arasında diplomatik münasibətlərin gərgin olmasına baxmayaraq, MOSSAD-la Milli Kəşfiyyat Təşkilatı (MİT) arasında son illərdə əlaqələrin gücləndiyi bildirilib. Məlumata görə, bu hücum planlarının əksəriyyəti İŞİD terror təşkilatı ilə bağlı olub və Türkiyədə yaşayan israilliləri hədəfə almaq məqsədi daşıyıb.
İranın nüvə proqramının memarı Möhsün Fəxrizadənin qisasını almaq üçün israilli iş adamı Yair Gellerin hədəfə alındığı sui-qəsd planının qarşısının da MİT-lə birlikdə alındığı deyilib.