“Rusiya Ukrayna ordusunun Donbas bölgəsində “soyqırımı” törətməsi və ya NATO-nun Ukrayna ordusu ilə Rusiya sərhədlərini pozması ilə bağlı iddialardan istifadə edərək Ukraynaya müdaxilə üçün zəmin hazırlayacaq”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
Prays Rusiyanın Ukrayna sərhədlərinə yaxın ərazilərdən qoşunlarını geri çəkdiyinə dair iddialarını təsdiq edə bilməyəcəklərini bildirib.
“Əslində, biz son həftələrdə bunun əksini görürük və hətta son bir neçə gündə sərhəddəki rus hərbi qüvvələrinin sayı daha da artırılıb. Onlar aqressiv şəkildə döyüş mövqelərinə doğru irəliləyirlər”, - Prays söyləyib.
Rusiyanın yalan məlumatlar yaydığını iddia edən Prays qeyd edib ki, bunların hər hansı biri işğala bəhanə ola bilər və dünya belə xəbərlərə hazır olmalıdır:
“Bura Ukraynanın Donbasdakı “hərbi fəaliyyəti”, bizim və ya NATO-nun “hərbi addımları”, hətta Ukrayna və ya NATO-nun “Rusiya sərhədlərini pozması” ilə bağlı məlumatlar daxil ola bilər”.
Onun sözlərinə görə, Rusiya rəhbərliyinin “Ukrayna ordusunun Donbasda soyqırımı törətməsi” iddiası narahatlıq doğurur.