21 Fevral 2022 15:57
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran kəşfiyyatının Türkiyədə həyata keçirməyə çalışdığı, amma Milli Kəşfiyyat Təşkilatının “radar”ına düşən “müxalifətçi oğurluğu” əməliyyatının yeni təfərrüatları məlum olub.

Teleqraf.com xəbər verir ki, israilli iş adamı Yair Gelleri öldürməyə hazırlaşan 9 nəfərlik casus şəbəkəsinin İrandan Türkiyəyə mühacirət edən elm adamı Şahnəm Gölşanini də qaçırmaq üçün kəşfiyyat işləri apardığı müəyyən edilib.

Məlum olub ki, İran məxfi xidməti MOIS Qolşaninin oğurlanması üçün iki ayrı qruplaşma yaradıb. Bu qruplaşmalardan birinin 2015-ci ildən bəri Türkiyədə yaşayan Gölşanini evinə qədər izlədiyi müəyyən olunub. Əldə edilən məlumata görə, Gölşanini Yair Gelleri öldürmək istəyən qruplaşma təqib edib.

Şahnəm Gölşani 2012-ci ildə İran iqtisadiyyatına ziyan vurmaqda ittiham olunaraq saxlanılıb və həbs edilib. 2013-cü ildə bəraət qazanıb, amma 810 gün həbsdə qalıb. İranda 1 milyon dollara yaxın pulu müsadirə edilən və geri qaytarılmayan Gölşani həbsdən yalnız 2014-cü ildə çıxa bilib. İranda olduğu müddətdə çoxlu hədələr alıb və İran kəşfiyyatının “qara siyahı”sına düşüb. Gölşani təzyiqlərə tab gətirə bilməyərək, 2015-ci ildə Türkiyəyə köçüb.

Gölşaninin Türkiyədə olduğu müddətdə İrandakı iqtisadi proseslərin mənfi gedişi ilə bağlı açıqlamalar verməsi onu İran kəşfiyyatının hədəfinə gətirib. Bundan sonra İran əsilli Yasin Tahirəmamkəndi başda olmaqla 9 nəfərlik casus qruplaşması ötən ilin əvvəlində Gölşaninin Zonquldakdakı iqamətgahına gedərək fotolarını çəkib. Fotoçəkilişi israilli iş adamının iqamətgahını və iş yerini izləyən Osman Çolak həyata keçirib.

Çolak çəkdiyi fotoları Nihat Biçər adlı qruplaşma üzvünə göndərib. Nihat Biçər isə bunları xüsusi şifrələrlə İrana ötürüb. Ələ keçən yazışmalarda bir sıra dövlət rəsmilərinin qeydləri də ifşa olunub.

İran kəşfiyyatının ikinci casus şəbəkəsi iş adamı İhsan Sağlam və ona yaxın olan 14 nəfərdən ibarət olub. Qruplaşmanın başında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əməkdaşı Əli Qəhrəmanhacıabad dayanıb.

İyerarxiyada Əli Qəhrəmanhacıabaddan sonrakı pillədə Seyid Mehdi Hüseyni durub. Əli İhsan Sağlama zəng edərək Şahnəm Gölşaninin qaçırılmasını tələb edib. O, Gölşaninin qaçırılması üçün İhsan Sağlamla 100 min dollara razılaşıb. Beləliklə, Gölşaninin telefonunu İhsan Sağlama verib. Bundan sonra qruplaşma ötən ilin dekabrında hərəkətə keçib.

Prosesi kənardan gizli olaraq izləyən MİT Gölşani ələ keçməmiş şəbəkəni ifşa edərək, üzvlərini saxlayıb. Əməliyyatda 2 İran, 12 Türkiyə vətəndaşı saxlanılıb. Bu ilin fevralın 9-da 14 şübhəli həbs olunub.

Şəbəkəyə İrandan rəhbərlik edən Seyid Mehdi Hüseyni, Sahab Hüseyni və Əli Qəhrəmanhacıabadı yaxalamaq mümkün olmayıb. Üç iranlı barəsində axtarış elan edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər