Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə regional təhlükəsizliyi möhkəmləndirməyə xidmət edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O, Moskva Bəyannaməsinin üçüncü ölkəyə qarşı olmadığını, bu sənədin regional təhlükəsizliyi möhkəmləndirməyə xidmət etdiyini vurğulayıb.
“O ki qaldı Qarabağ nizamlanmasına və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına, Rusiya və Azərbaycan arasındakı müttəfiqlik haqqında Bəyannamənin 9-cu bəndində Rusiya Federasiyası və Azərbaycan Respublikasının regionda sabitlik və təhlükəsizliyinin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması üçün əsas kimi çıxış etmiş Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin 9/10 noyabr 2020-ci il tarixli, 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının müddəalarının həyata keçirilməsi üzrə səylərə bundan sonra da hər cür dəstək verəcəkləri qeyd olunub. Bəyannamənin 10-cu bəndində isə tərəflərin yuxarıda qeyd olunan bəyanatların müddəalarından irəli gələn məsələlərin həllində qarşılıqlı fəaliyyət göstərəcək və region dövlətləri arasında uzunmüddətli sülhün yaradılması üzrə regional və beynəlxalq səviyyələrdə sıx əməkdaşlıq edəcəkləri vurğulanıb. Qəbul olunan bəyannamə regional təhlükəsizliyi möhkəmləndirməyə xidmət edir”, - Rusiya XİN sözçüsü qeyd edib.