Rusiya hərbçiləri gecə yenidən Kiyevin müdafiəsini yarmağa çalışsalar da, bütün cəhdləri uğursuz alındı.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları məlumat yayıb.
Məlumatda qeyd olunub ki, rus qoşunlarının kolonları dəfələrlə Kiyev ətrafında hücuma cəhd ediblər. Amma bütün cəhdlər uğursuz alınıb, Ukrayna Silahlı Qüvvələri tərəfindən vaxtında tədbirlər görülüb.
Quru Qoşunları əminliklə ifadə edib ki, Kiyevdə vəziyyət nəzarət altındadır.
“Rusiya işğalçı qüvvələrinin məqsədə çatmaq üçün bütün cəhdləri uğursuzluqla nəticələnib. İşğalçının texnika kolonu məhv edilib. Düşmən xeyli canlı itki verib”, - Ukrayna Silahlı Qüvvələrinin komandanı general-polkovnik Aleksandr Sırski bildirib.
Onun sözlərinə görə, rus qoşunları ruhdan düşüb və tükənib.
“Biz göstərdik ki, evimizi çağırılmamış qonaqlardan necə qoruya bilərik”, - Sırski əlavə edib.