Qomeldə keçirilən kritik danışıqlara da qatılan 6 nəfərlik nümayəndə heyətinin arasında yer alan ukraynalı deputat və nümayəndə heyəti rəhbərinin müavini Rüstem Umarov ilk görüşün vacib olduğunu və ümumi fikir mübadiləsi apardıqlarını bildirib.
Teleqraf.com xəbər verir ki, Umarov Ukrayna və Rusiya arasında Türkiyənin vasitəçiliyini dəstəklədiklərini deyib.
“Tərəflərin tələbləri bəllidir. Hazırda yol xəritəsini müəyyənləşdirməyə və danışıqları növbəti mərhələyə keçirməyə çalışırıq. Danışıqlar bu dağıntının qarşısını almaq üçün ən rasional həll yoludur. Ölümləri və axan qanı dayandırmaq üçün masa arxasına keçmişik”, - siyasətçi bildirib.
Umarov Rusiya nümayəndə heyəti ilə ilk görüşün keçirildiyi Belarusun rus ordusunun lehinə müharibəyə cəlb edildiyini söyləyib:
“Növbəti masanın neytral ölkədə qurulmasını istəyirik. Çoxlu ölkə və variant var, amma biz bunun İstanbulda, Ankarada və ya başqa bir türk şəhərində olmasında israr edirik. Türkiyənin mövqeyi Rusiya və Ukrayna üçün uyğundur”.
Umarov hər iki nümayəndə heyətinin bir sıra tələblərinin olduğunu bildirib:
“Hazırda gizli saxlanmalı olan bəzi şeylər müzakirə olunub. Davam edən bombardmanların, mülki ölümlərin dayandırılması və şəhərlərin dağılmasının qarşısının alınması üçün diplomatiyaya daha çox şans verilməlidir. Ukrayna sülh tərəfdarıdır, konstruktivdir və xoşməramlı olmağa davam edəcək”.
Bu gün Rusiya və Ukrayna arasında ikinci görüş keçiriləcək.