Rusiyanın Ukraynaya müdaxiləsinin 14-cü günündə rus qüvvələri Ukrayna torpaqlarında onların irəliləməsinə mane olan problemlərlə üzləşiblər.
Teleqraf.com Ukrayna KİV-ə istinadən xəbər verir ki, paytaxt Kiyev yaxınlığında Rusiya tank karvanında olan hərbçilər yanacaq problemi, eləcə də temperaturun mənfi 20 dərəcəyə enməsi səbəbindən donaraq ölmək təhlükəsi ilə üzləşiblər.
Rus ordusuna məxsus 65 kilometrlik tank və zirehli texnika konvoyu günlərdir Kiyevə girmək üçün gözləyir. Hücum əmrini gözləyən hərbçilər soyuq hava səbəbindən donma təhlükəsi ilə üzləşərkən, mütəxəssislər donmamaq üçün onların hər an təslim ola biləcəklərini iddia edirlər.
Rusiya ağır silahlar və texnikalarını həm öz ərazisindən, həm də Belarusdan Ukraynaya yönəltməkdə davam edir. Sosial şəbəkələrdə yayılan görüntülərdə ağır silah daşıyan qatarların Mariupol şəhərinə göndərildiyi bildirilib.
Ukrayna Baş Qərargahı 14 günlük müharibədə həyatını itirən rus hərbçilərinin sayının 12 mindən çox olduğunu açıqlayıb. Rusiya Müdafiə Nazirliyi isə bu rəqəmin 500 civarında olduğunu bildirib.