İranın Neft naziri Bicen Namdar Zəngənə OPEC ölkələrindən gündəlik neft hasilatının 1 milyon barrel azaldılmasını tələb edəcək.
Teleqraf.com “Mehr” xəbər agentliyinə istinadən məlumat verir ki, Zəngənə bu tələbi 27 noyabrda Avstriyanın paytaxtı Vyanada keçiriləcək OPEC-in 166-cı yığıncağında səsləndirəcək. Səudiyyə Ərəbistanının Neft naziri Əli əl-Nəimi ilə görüşü gözlənilən iranlı nazirin bununla dünyada neftin kəskin ucuzlaşmasının qarşısını almağı düşündüyü deyilir.
Mütəxəssislərin fikrincə, təşkilat daxilində bir çox dövlətlər İranla razılaşsa da, əsas fiqur sayılan Səudiyyə Ərəbistanı bu təklifi qəbul etməyəcək. Məlumat üçün bildirək ki, OPEC ölkələri dünya neftinin təxminən 40 faizinə nəzarət edir.
Hazırda OPEC üzvü olmayan Rusiya gündəlik 10 milyon barrel neft istehsal edərək dünya neftinin 12 faizinə nəzarət edən Səudiyyə Ərəbistanını geridə qoyub.