Rusiyanın müdafiə naziri və baş qərargah rəisi martın ortalarından bəri ictimaiyyət qarşısına çıxmayıb.
Teleqraf.com bildirir ki, Rusiya hərbi elitasının birinci və ikinci simasının ictimaiyyət qarşısında görünməməsini Ukraynada fərqli cür izah etməyə çalışırlar.
Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) polkovniki Roman Kostenko “Ukrayna24” kanalına bildirib ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun yoxa çıxması ona qarşı Ukraynada “hərbi tapşırıqları yerinə yetirməmək” ittihamları ilə əlaqələndirilə bilər.
Onun sözlərinə görə, bu müharibədə Rusiya dünyaya güclü orduya sahib olduğunu göstərmək istəyib, lakin Ukrayna əsgərlərinin sərt müqaviməti ilə üzləşib.
“Deyə bilərik ki, həqiqətən orada nəsə baş verir, lakin heç kimin bundan xəbəri yoxdur”,- Kostenko əlavə edib.
Polkovnik Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun ictimai məkandan itməsinə də münasibət bildirib: “Ehtimal var ki, Gerasimov qarşıya qoyulan tapşırıqların öhdəsindən gəlməyib və onu işdən çıxarıblar. Yerinə isə daha gənc və iddialı adam gətirilib. Hərbi taktikanın dəyişdiyini görsək, bu o demək olacaq ki, əməliyyata başqası rəhbərlik etməyə başlayıb”.
Xatırladaq ki, ötən gün Kremlin mətbuat katibi D.Peskov bildirib ki, müdafiə naziri Şoyqunun işləri çox olduğu üçün mediada görünməməsi təbiidir.