Rusiya tankları Slavutiç qəsəbəsi ərazisinə daxil olub. Bir gün əvvəl rusların şəhəri atəşə tutması barədə xəbərlər yayılmışdı, şahidlərin dediyinə görə, onlar artıq Slavutiçə nüfuz ediblər. Lakin onların yerli hökumət binasına basqın edib-etmədikləri məlum deyildi.
Teleqraf.com xəbər verir ki, sosial şəbəkədə yayılan videolarda şəhərdə tanklarının olduğu görünür, güllə səsləri eşidilir.
Yüzlərlə vətəndaş səhər saatlarında şəhərin mərkəzində Ukraynanın böyük bayrağını açaraq etiraz aksiyası keçirib. Rus ordusu atəş açıb və izdihamı dağıtmaq üçün müxtəlif vasitələrdən istifadə ediblər.
Kiyev Regional departamentinin rəhbəri Aleksandr Pavlyuk faktı təsdiq edib. O əlavə edib ki, düşmən qoşunları mer Yuri Fomiçevi oğurlayıb. Şəhər şurası öz işini davam etdirir.
Bir gün əvvəl şəhər şurası sakinləri aksiyada iştirak etməyə çağırsa da, həyat üçün təhlükə yaranarsa düşmən ordusunun təxribatlarına getməməyi xahiş edib.
Slavutiçin meri Yuri Fomiçev də öz növbəsində ərazini tərk etməyəcəyini, komandası ilə birlikdə şəhərdə qaldığını bildirmişdi.
Martın 24-də rus qoşunları Slavutiçin girişindəki nəzarət-buraxılış məntəqəsini atəşə tutub və şəhəri tutmaq cəhdlərinə başlayıblar. Martın 25-də şəhər şurası yerli əhalini evlərini tərk etməməyə çağırıb, çünki şəhərdə snayperlər işləyirdi.