Rusiya Federal Təhlükəsizlik Departamentinin (FSB) xüsusi agentləri Moskvada milyonlarla dollar dəyərində olan İsveçrə saatlarını müsadirə ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə İsveçrə mətbuatı yazıb.
Xəbərə görə, FSB agentləri İsveçrənin lüks malların ixracını qadağan edən sanksiyalarına cavab olaraq Moskvada milyonlarla dollar dəyərində İsveçrənin “Audemars Piguet” saatlarını müsadirə edib.
İsveçrə Xarici İşlər Nazirliyinin məxfi notası ilə tanış olan yerli media mənbələrinin bildirdiyinə görə, qiymətli saatları FSB-nin xüsusi agentləri şirkətin Moskvadakı binasından götürüb.
Rusiya hakimiyyəti Audemars Piguet saatının müsadirə edilməsinə səbəb kimi gömrük hüquqpozmalarını göstərib.
İsveçrə Xarici İşlər Nazirliyinin nümayəndələri bildiriblər ki, bu addım “çox güman ki, sanksiyalara cavab olaraq özbaşına repressiv tədbirdir”.
İsveçrənin saat şirkəti Rusiyaya ixracı dayandırdıqdan bir neçə gün sonra-martın 8-də pərakəndə satış fəaliyyətini də dayandırdığını elan edib.
Qeyd edək ki, “Audemars Piguet”, “Patek Philippe” və “Rolex” ilə birlikdə üç ən böyük müstəqil İsveçrə saat markasından biridir.