29 Mart 2022 11:19
1 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya bir daha gözünü Türkiyəyə dikib. Rusiya və Ukrayna xarici işlər nazirlərinin Antalya Diplomatiya Forumunda ilk görüşündən sonra bu dəfə sülh danışıqlarının İstanbulda davam etdirilməsi qərarı verilib.

Teleqraf.com xəbər verir ki, Rusiya və Ukrayna nümayəndə heyətləri buna görə axşam saatlarında Türkiyəyə gəlib.

Nümayəndə heyətləri Bakı vaxtilə saat 11:30-da masa arxasında əyləşəcək. Mətbuata qapalı keçiriləcək danışıqlar iki gün davam edəcək.

“Anadolu” agentliyi nümayəndə heyətlərinin aralarındakı dialoqdan əvvəl Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini bildirib.

Müharibə başlayandan bəri sülh üçün ciddi səylər göstərən Ərdoğan və Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu artıq iki ölkəni Antalyada masa arxasında oturtmağa müvəffəq olub.

Nəhayət, Prezident Ərdoğan NATO sammitindən qayıtdıqdan sonra elə həmin gün ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı aparıb. Türkiyə lideri ertəsi gün Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edərək durumla bağlı fikir mübadiləsi aparıb. Bu iki telefon danışığından sonra müzakirələrin Türkiyədə aparılacağı açıqlanıb.

İngiltərə mətbuatı isə görüşdən əvvəl tərəflərin bəzi addımlarda razılığa yaxın olduğunu bildirib. Rusiyanın müharibənin başlanğıcında tələb etdiyi “hakimiyyətdən nasistləri təmizləmə”, “silahsızlaşdırma” və “Ukraynada rus dilinin hüquqi müdafiəsi” tələblərindən imtina etdiyi iddia olunub.

Digər tərəfdən, Kiyevin hərbi dəstək almaması şərti ilə Ukraynanın Avropa Birliyinə üzvlüyünə razı olduğu, amma bunun Kiyevin NATO üzvlüyündən imtina etməsi ilə şərtləndiyini də deyilib.


Müəllif: Mənsur Rəğbətoğlu