Alman jurnalist Volfram Veymer "NTV Onlayn"da yayımlanan “Həftənin şəxsiyyəti” rubrikasında Türkiyə Prezidenti Rəcəb Ərdoğana yer verib.
Teleqraf.com xəbər verir ki, “Həftənin şəxsiyyəti - Ərdoğan” başlığı ilə yeni məqalə qələmə alan Veymer Rusiya və Ukrayna arasında gedən müharibə ilə bağlı diqqətçəkən fikirlər irəli sürüb.
Müəllif atəşkəs əldə etmək üçün Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolz, İsrail, İsveçrə, Roma papası və ya BMT-nin yox, Ərdoğanın İstanbulda sülh danışıqlarını təşkil edə bildiyini yazıb:
“Prezident Ərdoğanın Rusiya və Ukrayna arasında vasitəçi olacağı bəlli oldu. Türkiyə sanksiyalarda iştirak etməyən yeganə NATO ölkəsidir. Ərdoğan bunun əvəzində yeni boru kəməri müqavilələri bağlayır və Rusiya ilə nəhəng atom elektrik stansiyası tikir”.
Veymer əlavə edib:
“Dünya artıq İstanbula baxır və sülhə ümid edir. Rusiya və Ukrayna nümayəndələri Türkiyə metropolunda atəşkəs anlaşmasını müzakirə edirlər. Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin şəxsən bu məsələdə razılığa gəliblər. Nazirlərin ilk danışıqları martın 10-da Türkiyənin Antalya şəhərində baş tutub. Ərdoğan Putinin Ukraynadan qürurunu incitmədən geri çəkilməsini təmin edir.
Ərdoğan öz siyasəti ilə özünü hər iki tərəf üçün diplomatik danışıqlar apara bilən şəxs kimi göstərməyə müvəffəq oldu. Ərdoğan hər iki tərəfdə yaxşı münasibətlər olduğunu vurğulayır. Türkiyə üçün həm Rusiya, həm də Ukrayna Qara dənizdə yaxşı qonşudur. Türkiyə Rusiyanın Avropa Şurasına üzvlüyünün dayandırılmasında iştirak etməyən yeganə üzv oldu”.
Veymer onu da bildirib ki, Türkiyə həm də Qərbin Rusiyaya qarşı sanksiyalarında iştirak etməyən yeganə NATO ölkəsidir.:
“Avropa İttifaqından fərqli olaraq ruslar türk bankomatlarından pul çəkə bilirlər. Türkiyənin tikinti şirkətlərinin Rusiyadakı fəaliyyəti də önəmlidir. Türkiyə şirkətlərinin Rusiyadakı tikinti layihələrinin ümumi həcmi tezliklə 100 milyard dollara çatacaq”.
Türkiyədə aparılan danışıqlar dünya mətbuatında geniş işıqlandırılıb. İngiltərənin “Teleqraf” qəzeti Prezident Ərdoğanın hər iki tərəfi atəşkəsə və bu faciəyə son qoymağa çağırdığına diqqət çəkib.
“Vaşinqton Post” qəzeti də Ərdoğanın atəşkəs çağırışına yer verib:
“Türkiyə Rusiya və Ukraynanı razılığa gəlməyə çağırır. Bütün dünya onlardan xəbər gözləyir”.
“Dailymail” isə Ərdoğanın Putinlə atəşkəs üçün görüşdüyünü və Putin-Zelenski görüşünün İstanbulda keçirilə biləcəyini, amma tarixin hələ dəqiqləşmədiyini yazıb.
CNN Ərdoğanın “Hər iki ölkənin haqlı narahatlığını aradan qaldıracaq razılaşma əldə etmək mümkündür” sözlərinə diqqət çəkərək, Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətlərə malik olduğunu vurğulayıb.