Ukraynanın “1+1” telekanalının jurnalistlərinin Azərbaycan hökumətinin icazəsi olmadan işğal altındakı Dağlıq Qarabağa səfər etmələri və Azərbaycan əleyhinə veriliş hazırlamaları ilə əlaqədar Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu kanal rəhbərliyinə rəsmi olaraq öz etirazını bildirib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, etiraz məktubunda jurnalistlərin Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında qurulmuş, heç bir dövlətin, o cümlədən Ukraynanın tanımadığı qondarma respublikaya səfəri pislənilir, Azərbaycana qarşı yönəlmiş cəfəng iddialarla dolu proqramın hazırlanmasının qəbuledilməz olduğu vurğulanır.
Qeyd edək ki, Ukraynanın “1+1” telekanalının jurnalistləri “15 respublik” verilişinin növbəti buraxılışını hazırlamaq üçün noyabrın 23-də Xankəndidə olublar. Azərbaycan və Ermənistan respublikalarının hazırkı vəziyyətindən bəhs edən proqramın Xankəndidə aparılmış çəkilişlərində Azəbaycan əleyhinə fikirlər – guya azərbaycanlıların erməniləri amansızcasına öldürməsi, Qarabağdakı erməni kilsələrinin azərbaycanlılar tərəfindən dağıdılması kimi cəfəng iddialar səslənib.
Səxavət