23 May 2022 13:28
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axal vilayətinin (Türkmənistanın mərkəzi vilayəti) ərazisində Axal-Təkə cinsindən olan Akxan (“Ağ xan) atının heykəli ucaldılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə bazar ertəsi hökumətin rusdilli “Neytral Türkmənistan” qəzetində məlumat yerləşdirilib.

Müvafiq qərarı Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov imzalayıb.

“Xalqın milli qüruru olan Axal-Təkə atlarının şöhrətini artırmaq məqsədilə Türkmənistan Prezidenti Axal vilayətinin xakimliyinə (administrasiyasına) “Zvezda Sport” özəl müəssisəsi ilə ilə müqavilə bağlamağa icazə verən qərar imzalayıb. Bu müqavilə məşhur Akxanın atının monument heykəlinin layihələndirilməsi və tikintisini nəzərdə tutur”, - deyə məlumatda bildirilir.

Nəşr qeyd edir ki, sənəddə tikinti işlərinə 2022-ci ilin mayında başlanılması və obyektin 2022-ci ilin dekabrında istismara tam hazır vəziyyətdə təhvil verilməsi nəzərdə tutulur.

Türkmənistan xəbər saytı “Turkmenportal” bu münasibətlə yazır ki, Akxan Türkmənistanın eks-prezidenti Qurbanqulu Berdiməhəmmədov tərəfindən şəxsən yetişdirilmiş əfsanəvi atdır. O, 2018-ci ildə arxa ayaqları üzərinə qalxaraq dırnaqları ilə 10 metr məsafəni 4,19 saniyəyə qət etməsi ilə məşhurlaşıb. Bu nailiyyət Ginnesin Rekordlar Kitabına düşüb. “Turkmenportal” onu da qeyd edir ki, bu, Türkmənistanda Axal-Təkə atlarına ucaldılan ilk abidə deyil. 2013-cü ilin aprelində “Polatlı” (Polad) adlı Axal-Təkə atına həsr olunmuş heykəltəraşlıq kompozisiyasının, bir il sonra Axal-Təkə atı “Yanardağ”ın şərəfinə ucaldılmış abidənin təntənəli açılışı olub.

Qeyd edək ki, Axal-Təkə atları Türkmənistanın dövlət gerbində əks olunub.


Müəllif: Səxavət