İranın Sistan-Bəlucistan əyalətində sünni din adamı Mövlana Məhəmməd Kərim Həmli naməlum şəxslərin sui-qəsdi nəticəsində həyatını itirib.
Teleqraf.com xəbər verir ki, bu barədə İran dövlət televiziyasına açıqlama verən Sistan-Bəlucistanın polis rəisi Əhməd Tahiri məlumat verib.
Onun sözlərinə görə, dünən Sərbaz şəhərinin Gəvazdər kəndinin məscid imamlarından Mövlana Məhəmməd Kərim Həmliyə silahlı hücum edilib.
Tahiri bildirib ki, Həmli İranşəhr yolunda avtomobil sürərkən naməlum şəxslər tərəfindən pusquya salınıb və hücumda ağır yaralanıb.
Hücumdan sonra xəstəxanaya aparılan Həmlinin qan itkisindən öldüyünü deyən polis rəisi olaydan dərhal sonra qaçan şəxslərin müəyyən edilərək tutulması üçün xüsusi qrupun yaradıldığını iddia edib.
Eyni zamanda, onun iddiasına görə, hadisə ilə bağlı hərtərəfli araşdırma başladılıb.
Qeyd edək ki, ötən günlərdə Tehranda İran ordusunun polkovnikinə qarşı sui-qəsd olub. Yüksək vəzifəli hərbçi olayda həyatını itirib.