Ukraynada müharibə gələn il həm yazda, həm də yayda davam edəcək.
Teleqraf.com xəbər verir ki , bunu amerikalı diplomat, ABŞ Dövlət Departamentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker deyib.
Onun sözlərinə görə, qış aylarından sonra hərbi əməliyyatların yeni mərhələsi başlayacaq.
“Başa düşmək lazımdır ki, son dərəcə çətin vaxtlar hələ qarşıdadır. Amma Ukrayna indi olduğu yerdə olmaq üçün çox böyük irəliləyiş əldə edib. Hazırlaşmaq lazımdır, qışdan sonra çətin olacaq, çünki hərbi əməliyyatlarda növbəti mərhələ başlayacaq. Müharibə gələn il həm yazda, həm də yayda davam edəcək”, - diplomat vurğulayıb.
Volkerin sözlərinə görə, bu qış Avropa, Ukrayna və hətta Rusiya üçün xüsusilə enerji resursları baxımından son dərəcə çətin keçəcək:
“İnanıram ki, bu qış hamı üçün çətin olacaq: həm Avropa, həm Ukrayna, həm də Rusiya üçün. Amma biz təkcə hərbi deyil, həm də maliyyə və humanitar yardım göstərəcəyik. Qış enerji resursları ilə bağlı problemlər səbəbindən Avropa Birliyi üçün çətin keçəcək. Onlar qışa hazırlaşırlar. Bu yaxınlarda Almaniya nümayəndəsi ilə danışdım, enerji resurslarının qiyməti böyük problemə çevrilir. Onlar bu prosesdən necə salamat çıxmağı hesablamağa çalışırlar”.