Həftə ərzində Ukraynada cəbhə xətti boyunca ərazilərə nəzarət uğrunda döyüşlərdə yalnız minimal dəyişikliklər baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
“Donbasda avqustun əvvəlindən kiçik irəliləyişdən sonra rus qoşunları Baxmut şəhərinin kənarına yaxınlaşıb, amma hələ də ora daxil ola bilməyiblər. Rusiya Zaporoje və ya Xarkov istiqamətlərində irəliləmək üçün çox səy göstərməyib. Cənub-qərbdə nə Ukrayna, nə də Rusiya qüvvələri Xerson cəbhə xəttinə qədər irəliləyə bilib. Bununla belə, xətlərinin arxasında getdikcə daha tez-tez baş verən partlayışların Rusiyanın cənubdakı logistikasına və hava bazalarına ciddi problemlər və bölgədə gərginlik yarada biləcəyi ehtimal edilir”, - məlumatda bildirilir.
Nazirlik də onu da qeyd edib ki, gələn həftə vəziyyətin ciddi şəkildə dəyişməsi ehtimalı yoxdur. Rusiya qüvvələrinin hazırda yalnız lokal hücumlara hazır olduğu ehtimalı var. Son həftələrdə nadir hallarda əməliyyatlara çoxsaylı qüvvə cəlb edilir.
“Qarşıdakı aylarda təşəbbüs hücum əməliyyatları üçün etibarlı qoşun yaratmağı bacaran tərəfə keçəcək”, - nazirlik əlavə edib.