Türkiyə Daxili işlər naziri Süleyman Soylu ölkədə terrorizmlə aparılan mübarizə ilə bağlı önəmli açıqlamalar verib.
Teleqraf.com-un məlumatına görə, Süleyman Soylu 2023-cü ildə Türkiyənin terrorçulardan tam təmizlənəcəyini deyib:
“İllərdir Qara dənizə sızan və oradakı insanları təhdid edən terror təşkilatının bütün üzvlərini təmizləmişik. İndi Qara dəniz təmizdir. Bizim çətinlik çəkdiyimiz əhəmiyyətli yerlərdən biri olan Tendürek dağı da terror təşkilatından xilas olub. Allahın izni ilə 29 oktyabr 2023-cü ildə Cümhuriyyətin 100-cü ildönümündə Türkiyəni terrordan tam təmizləyəcəyik.
Hazırda Türkiyədə 120 terrorçu qalıb. Bir dənə də olsun terrorçu buraxmadan ölkəmizi təmizləyəcəyik.
“Zeytun budağı” əməliyyatı zamanı Amerika “buraya girə bilməzsiniz” demişdi. Bütün Avropa “Afrinə girə bilməzsiniz” söyləyirdi.
Bizim problemimiz o idi ki, Hakkarinin sonunda qarşı tərəfdə Hakurk adlı bir bölgə var. İraqın Hakurk bölgəsi. Həmin ərazini terror dəhlizinə çevirəcəkdilər. Rəcəb Tayyib Ərdoğan cəsarətli olmasaydı, biz ora girə bilməzdik. Amerika və Almaniya deyəndə ki, o əraziyə girsəniz, bizim tanklarımızdan istifadə edə bilməzsiniz, biz öz sursatımızın nə qədər olacağından narahat idik.
Bu ölkənin infrastrukturu, sənayesi o həddə çatmışdı ki, gənc mühəndislərimiz “narahat olmayın, biz bunu edəcəyik” dedilər. Bizi ruhdan salmadılar. Sursatları hazırlayıb bizə çatdırdılar. Hazırda oradakı terror təşkilatını təmizləmişik.
Türkiyənin gələcək nəsilləri bir daha Amerika və Avropa tərəfindən terrorla sınanmayacaqlar”.