Qazaxıstan Xarici İşlər Nazirliyindən verilən açıqlamada ölkənin bəzi vətəndaşlarının Rusiyadan gələnlərin sayının artmasından narahat olduqları bildirilib.
Teleqraf.com xəbər verir ki, Rusiyadakı qismən səfərbərlikdən sonra bu ölkədən Qazaxıstana üz tutanların sayının artdığı vurğulanıb.
“Bu səbəbdən, aydınlaşdırmaqda fayda var: xarici vətəndaşların Qazaxıstan Respublikasına giriş və qalma müddətini müəyyən edən prosedur var. Hazırda bütün aidiyyəti dövlət qurumları bu istiqamətə intensiv nəzarət edir”, - XİN-in açıqlamasında deyilib.
Açıqlamada Qazaxıstan ərazisində qalan hər bir əcnəbi vətəndaşın bu ölkənin müvafiq qanunlarına əməl etməli olduğu bildirilib:
“Dövlətin öz milli maraqlarını hər şeydən əvvəl qorumaq üçün kifayət qədər mexanizmləri var. Bildirmək istərdik ki, ətrafdakı istənilən çətin geosiyasi vəziyyətdə milli təhlükəsizlik prioritetləri ilə hərəkət edəcəyik”.
Prosesin yaxından izlənildiyi vurğulanan açıqlamada qeyd olunub:
“Ciddi risklər olduğu halda beynəlxalq hüquq və milli qanunvericilik nəzərə alınmaqla müvafiq tədbirlər görüləcək”.
Milli Təhlükəsizlik Komitəsinin verdiyi açıqlamada da ölkənin Rusiya ilə sərhəd qapılarından Qazaxıstana keçmək istəyənlərin sayının artdığı bildirilib.
Açıqlamada hazırda 30 magistral sərhəd qapısının normal rejimdə fəaliyyət göstərdiyinə diqqət çəkilib: “Onlardan dördü sərnişin və avtomobil axınının artması səbəbindən sıxlıq yaşayır. Vəziyyət xüsusi nəzarətdə saxlanılır”.
Rusiyada qismən səfərbərlik elan olunduqdan sonra Rusiya vətəndaşlarının Qazaxıstan və digər qonşu ölkələrə axını davam edir.
Məlumata görə, son 24 saat ərzində Qazaxıstanın Rusiya ilə sərhəd şəhərlərindən Kostanay vilayətinə 1000-dən çox Rusiya vətəndaşı gəlib.