İran İnqilab Keşikçiləri Qvardiyasının komandan müavini Əli Fedevi Məhsa Əmininin ölümündən sonra başlayan rejim əleyhinə etirazlarda saxlanılanların orta yaşının 15 olduğunu bildirib.
Teleqraf.com xatırladır ki, İranda polis tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra ölkə daxilində başlayan nümayişlər 20-ci gündə də davam edir.
Məhsa Əmini üçün küçələrə çıxan gənclərin aldadıldığını bildirən Fədəvi deyib ki, ölkədə küçə etirazları və iğtişaşlarda saxlanılanların orta yaş həddi 15-dir:
“Bu gənclər lazımi təhsil və təlimatdan məhrum olublar. Sosial medianın qurbanı olaraq bu şəkildə düşmənin tələsinə düşüblər. Bunu bir növ kompüter oyununa bənzədirlər. Xüsusilə sosial media və internetin təsiri altında düşmənin qurbanına çevrilirlər”.
Xatırladaq ki, sentyabrın 13-də Tehranda polisi tərəfindən saxlanıldıqdan sonra xəstəxanaya aparılan Məhsa Əmini sentyabrın 16-da dünyasını dəyişib. Sentyabrın 17-də Əmininin məmləkəti Sakkızda dəfnindən sonra başlayan nümayişlər bütün ölkəyə yayılıb və hazırda davam edir.
İran dövlət televiziyası ölkə daxilində baş verən etirazlarda 41 nəfərin həyatını itirdiyini bildirib. Alternativ mənbələr isə ixtişaşlarda 150-dən çox insanın öldüyünü qeyd edir.