ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın köməkçisi olmuş Douq Bandou diqqətçəkən açıqlamalar verib.
Teleqraf.com xəbər verir ki, onun fikrincə, ABŞ Türkiyə, Səudiyyə Ərəbistanı və Cənubi Koreya ilə müttəfiqlik münasibətlərini dayandırmalıdır.
Bandou bu fikrini “The American Conservative” nəşrinə yazdığı məqalədə bildirib.
O, ABŞ-ın digər ölkələrdən daha çox müttəfiqinin olduğuna işarə edib.
"Lakin Vaşinqtonun güman edilən dostları getdikcə daha çox vəfasız və faydasız olurlar"- deyə Bandou qeyd edib.
O, xüsusilə, Səudiyyə Ərəbistanının OPEC+ ilə birlikdə neft hasilatını azaltmaq qərarına gəldiyini xatırladıb.
Həmçinin Reyqanın keçmiş müşaviri Cənubi Koreyanın güclü iqtisadi potensiala və inkişaf etmiş diplomatiyaya malik olduğu halda ABŞ-dan müdafiə tələb etməsindən narazılığını bildirib. Bundan əlavə, Bandou qeyd edib ki, İstanbulun siyasəti çox vaxt Vaşinqtonun maraqlarına ziddir.
Məqalədə həmçinin qeyd edilir ki, ABŞ-ın NATO-dakı müttəfiqləri Lüksemburq və Monteneqro hərbi baxımdan yararsızdır.
Bandou vurğulayıb ki, ABŞ Ukraynanı heç bir formada NATO-ya qəbul etməməlidir.