Çin Kommunist Partiyasının davam edən qurultayı beynəlxalq aləmin diqqət mərkəzindədir. Partiya sədri Si Cinpinin çıxışının Tayvanla bağlı hissəsi siyasi ekspertlərin müzakirə predmetidir. Cinpin faktiki dedi ki, Çin Tayvanın ələ keçirilməsi məqsədilə hərbi gücdən istifadə etməyə hazırdır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində deyilir.
Mərkəzin ekspertlərinin fikrincə, Asiyada başqa qaynar nöqtələr də yarana bilər:
“Ekspertlər Cinpinin çıxışında digər vacib detala diqqət çəkiblər. Çin lideri çıxışında bir neçə dəfə “regional müharibələr” ifadəsini işlədib. Halbuki Çinin hər il dərc olunan milli təhlükəsizlik strategiyasında “regional müharibələr” barədə cümlələr yoxdur. Ona görə də Cinpinin “regional müharibə” ifadəsinin altında həm Tayvanda mümkün hərbi əməliyyat, həm də qonşu Hindistanla qarşıdurma nəzərdə tutula bilər.
Təsadüfi deyil ki, Çin ordusunun son illər hərbi təlimlərinin sayı artıb. Si Cinpin Çin ordusunun peşəkar səviyyəsini artırmaq və ən modern silahlarla təhcizatını qarşısına məqsəd qoyub. Çin ordusu “regional müharibələr”ə hazır olmalı və qələbələrə hədəflənməlidir.
Cinpinin “regional müharibələr”dən çox danışması həm də o deməkdir ki, Pekin böyük müharibələr aparmaq istəmir. Məsələn, Çin ABŞ-la müharibədə maraqlı deyil. Pekinin əsas hədəfi lokal münaqişələrdə üstünlük qazanmaqdır.
Çinin yeni strategiyasında müxtəlif ölkələrdə hərbi bazaların yaradılması da var. Çinin Afrikanın kiçik ölkəsi olan Cibutidə hərbi bazası mövcuddur. Çin kiçik adalarda da hərbi bazalar yaratmağa çalışır. Pekin bu məqsədinə çatmaq üçün əvvəlcə kiçik və kasıb ada ölkələrinə kreditlər verir, sazişlər imzalayır, daha sonra hərbi baza yaratmaq istəyini səsləndirir”.
Buna baxmayaraq, təhlildə qeyd olunur ki, Qərbin analitik mərkəzləri Çin ordusunun müharibə təcrübəsinin zəif olduğu qənaətindədirlər:
“Çin ordusunun Hindistanla sərhəddə toqquşmaları savaş təcrübəsinin artırılması üçün kifayət deyil.
Çin Rusiya ilə birgə hərbi təlimlərin sayını ona görə artırıb ki, savaş təcrübəsini artırsın. Ancaq Rusiyanın Ukraynada apardığı işğalçı müharibə göstərir ki, Rusiyanın “təcrübə”sindən öyrəniləsi nəsə yoxdur”.