21 Oktyabr 2022 22:12
1 414
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Rusiyaya “Fateh-110” və “Zülfüqar” ballistik raketləri tədarük etməsinə cavab olaraq, ABŞ Ukraynanı uçuş məsafəsi 500 kilometrə qədər artırılmış uzaqmənzilli ATACMS raketləri ilə təmin edə bilər.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

Onun sözlərinə görə, İranın bu addımı presedent hesab oluna bilər ki, buna da vaxtında cavab verilməlidir.

“ATACMS raketlərinin Ukrayna Silahlı Qüvvələrinə verilməsinin tərəfdarıyam. Bu, qarşı tərəf üçün çəkindirici vasitə də ola bilər. Yəni, bundan sonra lazımi cavab verə biləcəyik. Bu halda İran raketlərini buraxıldığı yerə qədər vura bilərik”, - Jdanov söyləyib.

Ekspert ABŞ-ın vaxt itirmədən bu sistemləri Ukraynaya göndərməsinin vacib olduğunu vurğulayıb:

“Burada əsas məsələ biz və siz deyil, ABŞ-dır. Əsas məsələ onların razılığa gəlməsidir”.

Bundan əvvəl İranın Ukraynaya qarşı Rusiyaya ballistik raketləri vermək niyyətində olduğu bildirilib. Məlumata görə, artıq “Fateh-110” və “Zülfüqar” raketlərinin ilk partiyası hazırlanır.

İran və Rusiya arasında müvafiq anlaşma oktyabrın 6-da İranın birinci vitse-prezidenti Məhəmməd Möhbərin Moskvaya səfəri zamanı əldə edilib.

Bu qısamənzilli ballistik raketlər 300-700 kilometrə qədər məsafədəki hədəfləri vura bilir. Amma mütəxəssislər indiyədək özünü sübut edə bilməyən İran raketlərinin effektliliyinə şübhə edirlər.


Müəllif: Mənsur Rəğbətoğlu