24 Oktyabr 2022 11:58
1 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın yeni Baş naziri Corciya Meloni paytaxt Romada Fransa Prezidenti Emmanuel Makronla görüşüb.

Teleqraf.com xəbər verir ki, Fransa prezidenti katolik qeyri-hökumət təşkilatı “Saint Egidio Community”nin tədbirində iştirak etmək üçün Romaya gəlib.

İtaliya baş nazirinin ofisindən verilən açıqlamada Meloni və Makronun bir saatdan çox davam edən qeyri-rəsmi görüşünün səmimi və məhsuldar keçdiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, liderlər Avropanın gündəmində olan təbii qazın bahalaşması, Ukraynaya dəstək, ağır iqtisadi durum və qeyri-qanuni miqrasiya məsələlərinə sürətli və yumşaq reaksiyaların zəruriliyini müzakirə ediblər.

Meloni və Makron Avropadakı ümumi çağırışlar və qarşılıqlı milli maraqlar baxımından əməkdaşlığı davam etdirmək istəyi ilə razılaşıb.

Prezident Makron İtaliyanın yeni baş nazirinin görüşdüyü ilk Avropa lideri olub.

Qeyd edək ki, İtaliyanın yeni baş nazirinin Fransa prezidentinə münasibət o qədər də dostca deyil. Meloninin baş nazir olmamışdan əvvəl Makronla bağlı çıxışı hələ də sosial şəbəkələrin gündəmindədir.

“Fransa nüvə reaktorları üçün istifadə etdiyi uranın 30 faizini Nigerdən çıxarır. Bununla belə, Niger əhalisinin 90 faizi işıqsız yaşayır. Bizə dərs verməyə çalışma, Makron! Çünki sizin siyasətinizə görə afrikalılar öz qitələrini tərk etmək məcburiyyətində qalırlar. Həll yolu afrikalıların Avropaya miqrasiyası deyil, Afrikanın avropalılardan qurtuluşudur”, - xanım baş nazir həmin çıxışında deyir.

45 yaşlı Corciya Meloni dünən İtaliyada sentyabrın 25-də keçirilən seçkilərdə qalib gələn sağçı alyansın lideri kimi Prezident Sergio Mattarella qarşısında and içib və bu səhər baş nazir postunu sələfi Mario Draqidən alıb.

Meloni 1922-1943-cü illərdə hakimiyyətdə olan faşist diktator Benito Mussolinidən sonra İtaliyada baş nazir seçilən ilk radikal millətçidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər