PKK/YPG terror təşkilatının bazar günü İstanbulda planlaşdırdığı qanlı aktı həyata keçirən terrorçu Əhlam əl-Bəşir istintaqa ifadəsində önəmli məlumatlar verib.
Teleqraf.com xəbər verir ki, əl-Bəşir akt zamanı tək olmadığını, başqa bir terrorçunun fotosunu çəkdiyini, digərinin isə ətrafa baxaraq partlayış əmrini verdiyini deyib.
Əl-Bəşir partlayışın sifarişini Hacı adlı terrorçudan aldığını, fotosunun isə skamyada oturarkən başqa bir terror təşkilatı üzvü tərəfindən çəkildiyini söyləyib.
Onun sözlərinə görə, bomba dolu çanta ilə skamyada oturarkən Hacı adlı terrorçu ətrafa baxaraq ona partlatmaq əmri verib. Qadın terrorçu bu göstərişdən sonra skamyadan qalxaraq bombanı işə saldığını bildirib.
İstanbul Polis İdarəsi də Əhlam əl-Bəşirin təhlükəsizlik kameralarına əks olunan yeni görüntülərini paylaşıb. Sakit davranışı ilə diqqət çəkən suriyalının əlində ağ paket və qara bel çantası ilə gəldiyi görünür.
Terrorçu saat 15:30-da hücum etdiyi yerə gəlir, skamyada oturur və gözləməyə başlayır. Burada 41 dəqiqə gözləyən əl-Bəşir bel çantasını skamyaya qoyaraq hadisə yerindən uzaqlaşır.
Bu anlarda əl-Bəşirin hərəkətləri sakitdir. Onun diqqəti cəlb etməmək üçün əlində gül tutduğu da görünür. Amma partlayışı həyata keçirdikdən sonra davranışları dəyişir, gəldiyi istiqamətə qaçmağa başlayır.
Hücumla bağlı istintaq davam edir. Əl-Bəşirin qaldığı evin sahibi də nəzarətə götürülüb.
İstintaq çərçivəsində gecə saatlarında Hüsam A.K adlı təşkilat üzvü Suriyanın Azez şəhərində yaxalanıb.
Saxlanılan digər şəxslər arasında isə qadın terrorçunun qaçmasına kömək edən Əhməd Jarkas və qardaşı Əmmar Jarkas da var. Bombanı əl-Bəşirə verən Bilal H. isə axtarılır. Bilal H. ilə qadın terrorçunun diqqət çəkməmək üçün özlərini ər-arvad kimi göstərdiyi və dörd ay eyni evdə yaşadıqları bildirilir.