Tehrandakı dini rejimin lideri Əli Xameneyi ölkənin mədəniyyət sisteminin inqilab yolu ilə yenidən qurulmasına çağırıb.
Teleqraf.com xəbər verir ki, 22 yaşlı Məhsa Əmininin polis tərəfindən işgəncə ilə qətlə yetirilməsindən sonra başlayan etirazlar davam edərkən, Xameneyidən yeni açıqlama gəlib.
“Ölkənin mədəni strukturlarında inqilab etmək lazımdır. Ali Şura ölkənin müxtəlif sahələrində mədəniyyətdəki zəiflikləri müşahidə etməlidir”, - rejimin lideri bildirib.
Üç aya yaxındır ki, ölkə daxilində Tehran rejiminə qarşı kütləvi nümayişlər davam edərkən, bəzi rəsmilərin “əxlaq polisi”nin ləğv edildiyini açıqlaması çaşqınlıq yaradıb. Belə bir açıqlama ilə Tehrandakı rejimin baş prokuroru Məhəmməd Cəfər Müntəzəri də çıxış edib. Dövlət orqanlarından məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, rəsmi media bunu təkzib edib.
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da Müntəzərinin açıqlaması ilə bağlı ünvanlanan suala cavab verməkdən yayınıb.