İsveç xarici işlər naziri Tobias Billström Türkiyənin Şimali İraq və Suriyada başladığı “Pəncə-Qılınc” hava əməliyyatı ilə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, nazir Türkiyənin özünümüdafiə hüququnun olduğunu deyib.
“Hər bir ölkənin terrora qarşı özünümüdafiə hüququ var və bura Türkiyə də daxildir. Bölgədə İŞİD terror təşkilatı ilə mübarizə önəmlidir, amma Türkiyə terrora qarşı özünü müdafiə etmək üçün haqlı səbəbləri olan ölkədir. İsveç hökuməti də hesab edir ki, bu müdafiə ölçülü şəkildə aparılmalıdır”, - Billström bildirib.
Nazir Türkiyə xalqının uzun illərdir terrordan əziyyət çəkdiyini söyləyib.
Türkiyə hökumətinin İstanbuldakı hücumun arxasında PKK/YPG-nin dayanması ilə bağlı açıqlamasına inandığını vurğulayan Billström bunun əksinə olaraq, terror təşkilatının iddialarına inanmadığını qeyd edib.
Billström Türkiyə ilə NATO-ya üzvlük danışıqlarında irəliləyiş əldə olunduğunu hiss etdiyini də deyib.
Dünyada ciddi təhlükəsizlik problemi olduğunu vurğulayan Billström İsveçin NATO-ya üzvlük prosesinin gecikdirilməsinin ölkəsi üçün pis nəticələrə səbəb olacağını bildirib.
İsveçin alyansa qəbul edilməsi üçün bütün NATO üzvlərinin, o cümlədən Türkiyənin razılığı lazımdır.