Vyanada hüquq-mühafizə orqanlarının əməkdaşları Yunanıstan vətəndaşlığı olan rus diplomatın oğlunu saxlayıblar. Həmin şəxs Rusiya Federasiyasına casusluqda şübhəli bilinir.
Teleqraf.com xəbər verir ki, 39 yaşlı şübhəli xüsusi təyinatlılar tərəfindən Vyananın rayonlarından birindəki mənzildə saxlanılıb.
Axtarışlar zamanı həmin şəxsin üzərində böcək və gizli kamera detektoru, həmçinin istehkamçı kostyumu aşkar edilib.
Bundan əlavə, saxlanılan şəxsin məlumat ötürmək üçün istifadə etdiyi keşlər aşkar edilib. O, son dörd il ərzində ən azı 65 dəfə Moskva, Minsk və Tbilisiyə səfər edib. Şübhəli müxtəlif ölkələrin diplomatları və kəşfiyyat rəsmiləri ilə əlaqə saxlayıb, atası isə Almaniya və Avstriyada rus diplomatiyası adı altında çalışıb.
Müstəntiqlər hesab edirlər ki, casus Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinə cavab tədbirlərini izləmək tapşırığı alıb. Saxlanılan şəxs istintaqla əməkdaşlıqdan imtina edib və ittihamları rədd edib.